Adil Bağırov
AMEA Naxçıvan Bölməsi
İstanbul Başbakanlıq Arxivində saxlanılan akad. Z.Bünyadov və tarix elmləri namizədi H.Məmmədov tərəfindən tərcümə edilib nəşr olunan "İrəvan əyalətinin icmal dəftəri" (Bakı, Elm, 1996) xalqımızın soykökünü öyrənmək baxımından çox dəyərli, lazımlı və qiymətli bir mənbədir. Bu mənbədə İrəvan əyalətinin o dövrdəki inzibati-ərazi bölgüsünə görə bütün yaşayış məntəqələri, bu məntəqələrin hansı nahiyə və zonada yerləşməsi, bu günki tədqiqat üçün çox gərəkli və zəruri olan yer adları, əhalidən alınan vergilərin ad və miqdarı və s. haqqında ətraflı məlumat verilir. "Dəftər" 1728-ci ilə aid statistik məlumatlarla yanaşı, 1590-cı ilə aid məlumatları da özündə əks etdirir.
Bu mənbənin verdiyi məlumata görə 1590-cı ildə Osmanlı idarəsində olan Rəvan (İrəvan) əyalətini (bəylərbəyliyi) mərkəzləşdirilmiş qaydada idarə etmək üçün ərazi-inzibati bölgü aparılaraq, yerli idarə aparatı yaradılmış və ərazi İrəvan və Naxçıvan livalarına (Osmanlı imperiyasında əyalətə tabe olan ərazi inzibati-vahidi) bölünmüşdür. Bu dövrdə İrəvan livası: İrəvan, Karbi, Vedi, Aralıq, Talin, Ərmus, Abnik, Abaran, Şərabxana və s, adları ilə 10, Naxçıvan livası isə: Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt adları ilə 16 nahiyədən ibarət imiş.
"Dəftər"dən aydın olur ki, bu nahiyələrə daxil olan yaşayış məntəqə adlarının, demək olar ki, hamısı Azərbaycan-türk mənşəli adlardır. Məlumdur ki, eradan xeyli əvvəl, indiki Ermənistan deyilən ərazidə məskunlaşan, öz dədə-baba yurdlarında yaşayan azərbaycanlılar xalqımızın tərkib hissəsini təşkil etmiş, xalqın mənşəyi ilə sıx bağlı olmuş, onun dilini, tarixini, adət-ənənəsini, məişətini, düşüncə tərzini qoruyub saxlamış və yaşadıqları əraziyə görə ana dillərinə məxsus adları verib onu yaşatmışlar.
Torpağım köksünə əbədi kök salmış bu adlar tariximizin yadigarı, milli mənəvi dəyərlərimizin göstəricisidir. Ona görə də "Dəftər"də öz ifadəsini tapmış bu adları həm tarixi, həm də dilçilik baxımından öyrənmək çox vacibdir. Ancaq etiraf edək ki, tarixi coğrafiyamızı, milli ad mədəniyyətimizi əks etdirən belə zəngin bir xəzinəni bir məqalə daxilində hərtərəfli şəkildə təhlilə cəlb etmək imkan xaricindədir. Odur ki, bu yazıda ancaq Naxçıvan qəzasına daxil olan yaşayış məntəqə adlarını linqvistik cəhətdən qruplaşdırmağı qarşıya məqsəd qoymuşuq.
Mənbəyə əsasən deyə bilərik ki, 1590-cı ildə Naxçıvan qəzasına daxil olan nahiyələrdə təxminən 664 yaşayış məntəqə və məzrə adı və 33 yaylaq adı qeydə alınmışdır. (s.159-183). Apardığımız tədqiqata əsasən bu adları aşağıdakı şəkildə qruplaşdıra bilərik.
1. Tamamilə unudulmuş adlar. Mənbədə qeydə alınmış yaşayış məntəqə adlarının bir qismi indiyə qədər bizə məlum deyil. Bu adlar vaxtilə məhsuldar şəkildə işlənsə də, hazırda unudulmuş, dildə arxa plana keçmiş adlardır. Buna səbəb müxtəlif səbəblər üzündən kəndlərin dağılması, bir ərazidən digər əraziyə köçürülməsi, yaxud adın dəyişdirilməsi olmuşdur. Həmin oykonimlər ancaq "Dəftər"də öz əksini tapır. Məsələn: Əlibəydizəsi məzrəsi, Ələyəz məzrəsi, Yollu kəndi, Şeyx Yusifli kəndi, Keçidi-İslamiyyə kəndi, Nərkeş kəndi, Dərəalpaq kəndi, Təhmasqulu dizəsi məzrəsi, Kuhi-purən kəndi, Molla Məhəmməd məzrəsi, Dartagüney məzrəsi, Firuzabad kəndi (Naxçıvan nahiyəsi), Çınıq kəndi, Səng kəndi, Əlixangüney məzrəsi (Qarabağ nahiyəsi), Suyu məzrəsi (başqa adı Qoyunludur), Yalqızağac kəndi, Oğulşalı kəndi, Fərhad kəndi, Hacı Laləli kəndi (Şərur nahiyəsi), Səlnab kəndi, Kuhdam kəndi, Miskün kəndi (Azadciran nahiyəsi), Üzsüz kəndi, Ağcaçal kəndi (Sərəşahbuz nahiyəsi) və s.
2. Tarixin izini qismən saxlayan, yerləşdiyi ərazi məlum olan yaşayış məntəqələri və onların adları. Naxçıvan qəzasında vaxtilə mövcud olan, ancaq müxtəlif işğalçı müharibələr, köçürmələr, təbii fəlakətlər və s. nəticəsində dağılmış kəndlər də vardır ki, onların adı və xarabalıqları indi də yaşayır, vaxtilə yerləşdiyi ərazi həmin kənd adını qoruyub saxlayır. Məsələn: Yuxarı Sürəmərk kəndi, Aşağı Sürəmərk kəndi, Yezdabad kəndi (Naxçıvan nahiyəsi), Dibkənd, Başkənd, Ortakənd (Dərəşam nahiyəsi), Xınzırək kəndi, Əyrək kəndi (Dərəşahbuz nahiyəsi), Parıçı kəndi (Şərur nahiyəsi), Tillək kəndi (Dərənürgüt nahiyəsi), Haçaparaq kəndi, Dərgəmərik kəndi (Əlincə nahiyəsi) və s.
3. Öz varlığını qoruyub saxlayan adlar. 1590-cı ildə mövcud olan yaşayış məntəqə adlarının bir qismi heç bir fonetik dəyişikliyə, təhrifə məruz qalmadan bu günə qədər yaşamış, 400 ildən artıq bir müddətdə öz varlığını qoruyub saxlamışdır. Məsələn, Naxçıvan, tumbul, Qaraçuq, Qahab, Kültəpə, Yarımca, Cəhri, Nehrəm (Naxçıvan nahiyəsi), Payız (Mülki-Arslan nahiyəsi), Qıvraq (Qarabağ nahiyəsi) Tirkeş, Külüs. Kükü, Biçənək, Nurs, Badamlı, Şada (Dərəşahbuz nahiyəsi), Daşarx, Dərvişlər, Aralıq, Kosacan, Şəhriyar (Şərur nahiyəsi), Parağa, Tivi, Vənənd, Əylis, Düylün (Ordubad nahiyəsi), Bənəniyar, Əlincə, Qazançı, Şurut (Əlincə nahiyəsi) və s.
a) "Dəftər"də mövcud olan kənd adlarının bir qismi bəzi fonetik transformasiyalara, təhriflərə məruz qalmış, müxtəlif imlalarda yazılmışdır ki, bu da o dövrün imla qaydaları, ərəb-fars əlifbasının törətdiyi çətinliklərlə bağlıdır. Məsələn: Sələsus, Əbraqanus, Salitaq, Kirnə, Arezin, Qal, Kənizə, Dəstək, Bəhrud, Yamxana, Xələc, Əlişar, Bulğan, Bədəxşan, Xök, və s. şəkillərində yazılmış və zaman keçdikcə Sələsüz, Əbrəqunis, Saltaq, Kırna, Ərəzin, Gal, Gənzə, Dəstə, Behrud, Yamxana, Xələc, Alışar, Bulqan, Badaşxan, Xok şəklində sabitləşmişdir.
b) Hazırda mövcud olan oykonimlərin bir qismi müxtəlif variantlarda yazılmışdır. Məsələn: Şeyx Mahmud - Şıx-mahmud, Dendabad - Didivar, Seyyidi-Sirav - Sirab (Naxçıvan nahiyəsi), Kərəmçataq - Gərməcataq (Mülki Arslan nahiyəsi), Qarabağ - Qarabağlar (Qarabağ nahiyəsi), Dərəşahbuz - Şahbuz (Dərəşahbuz nahiyəsi), Siyahqutlu - Siyaqut, Keştasb - Keştaz, Yenicəyi-Ərəb - Ərəbyengicə, Yenicəyi-Çomaqtur - Çomaxtur, Əxi Əhməd - Axaməd (Şərur nahiyəsi), Səhrayi-Əylis - Aşağı-Əylis, Külid - Kilid (Ordubad nahiyəsi) və s.
4. Dəyişdirilmiş adlar. 1590-cı ildə mövcud olan oykonimlərin bir qismi müxtəlif ictimai-siyasi çəkişmələr, Osmanlı-Səfəvi müharibələri, tayfa, nəsil və tirələrin yerdəyişməsi və s. nəticəsində dəyişdirilmiş, başqa adla əvəzləşdirilmişdir. Bu prosesi izləmək olduqca çətindir. Ancaq buna baxmayaraq bəzi faktlar da məlumdur. Məsələn: Dendabad-Didivar, Kərəmçataq-Gərməçataq, Huremeşin-Rəmeşin, Taxtaq-Yuxarı Qışlaq, Quşçu-Dəmirçi, Zaviyyə-Zeyvə, Noraşen-Göydərə, Təhvaz-Teyvaz və s.
5. Paralel adlar. Mənbədə Naxçıvan qəzasının ayrı-ayrı nahiyələrində paralel oykonimlərə də rast gəlirik ki, bu da eyni tayfa, nəsil və tirə adlarının yayılma arealının və ya əhalinin bir yerdən digər yerə keçməsi zamanı öz əvvəlki yer-yurd adlarını (tayfa, nəsil, tirə) saxlamaları, eləcədə xalqın təfəkkür dünyası, sosial-məişət tərzi və s. ilə əlaqədardır. Bəzi faktlara diqqət edək:
Əlincə - Ilincə və Aralıq nahiyələrində.
Əyrək - Dərəşahbuz, İrəvann və Karbi nahiyələrində.
Yenicə - Naxçıvan, İrəvan, Bazarçayı, Abnik və Zebil nahiyələrində.
Qızılca - Məvaziyi-Xatun, Ərmus və Zar nahiyələrində.
Naxçıvan və İrəvan nahiyələrinə daxil olan - Keçili, Qaraqoyunlu, Almalıq, Yarımca, Qarabağ, Quşçu, Qalacıq, Şəhriyar, Dükan və s. kimi oykonimlər də bu qəbildəndir.
Mənbədə qeydə alınmış oykonimlərin əmələ gəlmə və yaranma yolları müxtəlifdir. "Dəftər"də qeydə alınmış oykonimlərin bir qismi bəzi sözdüzəldici şəkilçilərin iştirakı ilə yaranmışdır.
a) -lı (-li, -lu, -lü) şəkilçisinin köməyi ilə yaranan adlar: Poladlı kəndi (Aralıq nahiyəsi), Babalı kəndi (Əlincə nahiyəsi), Bardaqlı kəndi, Bıyıqlı kəndi (Ağcaqala nahiyəsi), Maqsudlu kəndi (Şərur nahiyəsi) və s.
b) -lıq (-lik, -luq, lük) şəkilçisinin köməyi ilə yaranan adlar: Palıdlıq kəndi, Armudluq kəndi( Zabil nahiyəsi) və s.
c) -cıq şəkilçisinin köməyi ilə yaranan adlar: Qalacıq kəndi (Naxçıvan, Şərur və Bazarçayı nahiyələri), Muğancıq kəndi (Şərur nahiyəsi), Naxçıvancıq kəndi (Ağcaqala nahiyəsi) və s.
"Dəftər"dəki oykonimlərin leksik-semantik xüsusiyyətləri də öz zənginliyi ilə diqqəti cəlb edir. Bu oykonimlər tarixin ayrı-ayrı zamanlarında tayfa və tayfa birləşmələrinin yaranması, qəbilə və tayfaların tirələrə bölünməsi, işğalçı hökmdarların hücumu, yeni şəhər, kənd, binə və obaların salınması, əhalinin ictimai-siyasi və iqtisadi həyatı, ərazinin relyef quruluşu, bitki və heyvanat aləminin zənginliyi və s. ilə bağlı yaranmışdır. Elə bunun nəticəsidir ki, mənbədəki oykonimlərin leksik tərkibi əsasən antrotoponim, etnotoponim, hidrotoponim, zootoponim, fitotoponim səciyyəli olmaları ilə fərqlənir. Bəzi faktlara diqqət edək.
1. Antroponim səciyyəli oykonimlər. Mənbədə şəxs adı və dini titul əsaında yaranmış adlar geniş yayılmışdır. Məsələn: Şeyx Mahmud kəndi, Şeyx Mehranşah kəndi, Təhmasqulu dizəsi məzrəsi, Molla Məhəmməd məzrəsi, Mahmudabad (Naxçıvan nahiyəsi), Əhmədağa dizəsi, Fazil qışlağı məzrəsi (Qarabağ nahiyəsi), Fərhad kəndi, Əxi-Əhməd kəndi, İmamqulu qışlağı (Şərur nahiyəsi),Cəmaləddin kəndi, Şeyx Seyidəlili kəndi (Əlincə nahiyəsi)
a) Tayfa, nəsil,tirə başçısının adına -lı (-li, -lu, -lü) sözdüzəldici şəkilçisinin artırılması yolu ilə yaranan adlarş Məsələn: Xəlilli kəndi, Şeyx Yusifli kəndi (Naxçıvan nahiyəsi), Maqsudlu kəndi, Hacı Laləli kəndi (Şərur nahiyəsi), Novruzlu kəndi, Mustafalı kəndi (Karni nahiyəsi), Novruzlu, Məsimli kəndi (Aralıq nahiyəsi) və s.
2. Etnonim səciyyəli oykonimlər. Mənbədə özünə yer tapmış etnotoponimlərin bir qisminin leksik tərkibi vaxtilə bu ərazilərdə yaşamış müxtəlif tayfa birləşmələri, nəsil, qəbilə, tirə, adları ilə bağlı yaranmışdır. Məsələn: Tirkeş kəndi, Biçənək kəndi (Dərəşahbuz nahiyəsi), Xəlac kəndi, Yuxarı Qarqın, Kiçik Qarqın, Quşçu kəndi (Şərur nahiyəsi), Qaraqoyunlu kəndi, Keçili kəndi (Ağcaqala nahiyəsi), Aşağı Qaraqoyunlu kəndi, Yuxarı Qaraqoyunlu kəndi (Aralıq nahiyəsi), Yaycı kəndi (Ordubad nahiyəsi), Ərəfsəcik kəndi (Sisyan nahiyəsi), Qazançı kəndi, Böyük Ərəfsaq kəndi, Kiçik Ərəfsaq kəndi (Əlincə nahiyəsi), Quşçu kəndi (Karni nahiyəsi) və s.
Naxçıvan qəzasının Karni nahiyəsinə daxil olan Qaqauz kənd adı türk dilli Qaqauz xalqının adı ilə bağlıdır.
3. Zoonim səciyyəli oykonimlər. 1590-cı ildə qeydə alınmış yaşayış məntəqə adları işərisində əhalinin heyvandarlıqla bağlı həyatını əks etdirən Qatırlı kəndi, İnəkbulaq, Malqara kəndi (Abniik nahiyəsi), At ağılı, At qışlağı məzrəsi (Vedi nahiyəsi), Tülkütəpəsi (Bazarçayı nahiyəsi) və s. kimi adlara da rast gəlinir.
Fitonim səciyyəli oykonimlər. Mənbədəki oykonimlərin bir qisminin leksik tərkibi də bitki adları əsasında formalaşmışdırş Məsələn: Almalıq kəndi (Məvaziyi-Xatun kəndi), Badamlı kəndi (Dərəşahbuz nahiyəsi), Arpalı məzrəsi, Qamışlı kəndi (Ağcaqala nahiyəsi), Almalı kəndi (Karni nahiyəsi) və s.
Bu faktlar sübut edir ki, "İrəvan əyalətinin müfəssəl dəftəri"ndəki yer adlarının tədqiqata böyük ehtiyacı vardır. Bu adların linqvistik təhlili tariximiz və dilimiz üçün bir çox qaranlıq mətləblərin açıqlamasına kömək edər.
______________________________________________
1. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996.