RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-4 (DAVAMI)
Bismillahir-Rəhmanir-Rəhim
Bu, Əmirəlmöminin Ömər ibn Xəttabın valisi Utbə ibn Fərqəd tərəfindən, Azərbaycanın çöl və dağlıq bölgələrində, ətraf və ucqarlarında yaşayan əhaliyə verilən əmannamədir. Onlar maddi vəziyyətlərinə müvafiq olaraq cizyə ödəmək şərti ilə əmniyyət içindədirlər. Bu vergidən uşaqlar, qadınlar, xəstələr, əllərində heç bir varidatı olmayan fəqirlər və özlərini ibadətə vermiş, dünya malından heç bir nəsibi olmayan, inzivaya çəkilmiş rahiblər azaddırlar. Onlar (əhali) öz yurdlarından keçib gedən müsəlman əsgərləri bir gecə bir gündüz qonaq saxlayıb, onlara bələdçilik edib yol göstərməlidirlər.Onların (əhalinin) arasından müsəlmanlarla birlikdə əsgəri xidmətə gedənlər həmin ilin vergisindən azaddırlar. Xidmətləri bitib öz evlərinə qayıdandan sonra, səfərlərdə iştirak etməyənlər kimi vergilərini ödəməlidirlər. Öz yurd yuvalarını tərk edib gedənlər, əmin olacaqları yerdə məskunlaşana qədər əmin-əman içində olacaqlar. Əhdi Cündəb yazdı. Bukeyr ibn Abdullah əl-Leysi və Simak ibn Xərəşə əl-Ənsari şahid oldular. Bu əhd h.18-ci (m.639) ildə yazıldı(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1980. Mətndə də göründüyü kimi, İbn Cərir ət-Təbəri əhd tarixini h.18-ci (m.639) il olaraq qeyd etmişdir. Bizim qənaətimizə görə bu tarix doğru deyildir. Bu əhd böyük ehtimalla h.22/m.643-cü ildə bağlanmışdır. Bunun ən tutarlı dəlili Təbərinin özünün əsərində Azərbaycanın fəthi haqqında və əhdin mətnini yazarkən «H. 22-ci (643) il hadisələri» başlığı altında qeyd etməsidir. (bax. Tarix-i Təbəri, c. V, s.1970). İbn-ul-Əsir də «əl-Kamil fit-Tarix» adlı əsərində, müqavilə mətnini nəql etmədən, Azərbaycanın fəthindən eyni başlıq altında bəhs edir (bax. c. III, s. 21). Daha əvvəl də qeyd etdiyimiz kimi, əl-Vaqidi, İbn Kəsir, İbn Maşər və digər orta əsr müsəlman tarixçiləri Azərbaycanın h.22/m.643-cü ildə fəth edildiyi haqqında həmfikirdirlər. Bu mövzuda müasir tədqiqatçıların əsərlərində də kifayət qədər məlumata rast gəlinmir. Muhəmməd Həmidullah «Vəsaiqus-Siyasiyyə» (Beyrut 1985) adlı əsərinin 445-446-cı səhifələrində əhdin mətnini olduğu kimi qeyd edərək, elmi tənqid etməmişdir. Bu əhdin dəqiq tarixini müəyyənləşdirmək üçün bir neçə xüsusa diqqət yetirmək lazımdır. Bunlardan birincisi Simak ibn Xərəşənin əhddə şahid kimi qeyd edilməsidir. Simak həqiqətən əhd imzalanarkən orada olmuşsa, bu əhd mütləq Rey şəhərinin ikinci dəfə Nueym ibn Muqərrin tərəfindən fəth etməsindən sonra olmuşdur. Daha əvvəl qeyd etdiyimiz kimi Rey h.22/m.642-ci ildə ikinci dəfə fəth olunmuşdur. Çünki Simak yalnız Reyin fəthindən sonra Nueym tərəfindən, xəlifənin əmri ilə, Azərbaycana göndərilmişdir. Diqqət yetirilməli digər məsələ isə əhd mətninin başında Utbə ibn Fərqədin xəlifənin Azərbaycan valisi kimi qeyd olunmasıdır. Utbə ibn Fərqəd bu vəzifəyə Huzeyfə ibn-ul-Yəmanın yerinə təyin olunmuşdur. Huzeyfə isə Azərbaycan valiliyinə Nəhavənd zəfərindən (h.21/m.642) sonra Ərdəbili fəth etməsinə görə xəlifə Ömər tərəfindən təyin olunmuşdu.).
Muğanın fəthi və muğanlılara verilən əmannamə
İsfəndiyarla əhd bağlanıb Azərbaycanın fəthi tamamlandıqdan sonra xəlifə Ömər ibn Xəttab Bukeyr ibn Abdullaha şimala, Dərbəndə doğru irəliləmək əmrini vermişdi. Bu əmri dərhal yerinə yetirmək üçün hərəkətə başlayan Bukeyr şimal istiqamətində irəliləyərək Muğana gəlmiş, muğanlılarla vuruşaraq onları məğlubiyyətə uğratmışdı. Muğan bölgəsinə tamamən sahib olan Bukeyr yerli əhali ilə əhd bağlamışdı. Bu əhd aşağıdakı məzmunda idi.
Bismillahir-Rəhmanir-Rəhim
Bu, Bukeyr ibn Abdullah tərəfindən Qıbç (Talış) dağlarından sayılan Muğan əhalisinə verilmiş əmannamədir. Onların malları, canları, dini etiqadları və qanunları əmniyyət içindədir. Bunun əvəzi olaraq hər həddi büluğa çatmış kişi başına bir dirhəm və ya bunun bədəlini ödəyəcəklər. Hər bir müsəlmanla yaxşı rəftar edəcək, ona yol göstərəcək, bir gecə və bir gündüz qonaq saxlayacaqlar. Belə olsa xeyirxah olub, əmniyyətdə olarlar. Bu bizim vədimizdir və vəkil olaraq Allah yetər. Onlar bu şərtlərə xələl gətirsələr, əhd hökmünü itirəcəkdir. Üsyançıları tutub təslim etməyə məcburdurlar. Əks təqdirdə onlar da üsyançılarla birlikdə sayılacaqlar.Buna Şəmmax ibn Zirar, Rəsaris ibn Cənadib və Həmələ ibn Cəviyyə şahid oldular. Əhd h.21-ci (m.642) ildə yazılmışdır(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1984. Təbəri bu əhdin tarixini h.21/m.642-ci il olaraq qeyd edir. Daha əvvəl qeyd etmişdik ki, cənubi Azərbaycanla bağlanmış əhdin tarixi h. 22-ci ildən daha əvvəl ola bilməzdi. Bundan başqa Azərbaycan əhalisi ilə bağlanan əhddə Təbəri Bukeyr ibn Abdullahı şahid kimi qeyd etmişdi. Başqa sözlə Muğana hərbi yürüş ancaq h.22-ci (m.643) ildə və ya bir il sonra ola bilərdi.). Muğan Xəzər dənizilə Araz və Kür çaylarının arasında və Dərbənd yolu üzərində yerləşən strateji əhəmiyyətə malik bir yerdi. Muğanın fəthi ilə Dərbənd yolu müsəlmanların üzünə açılmışdı(Təbəri əsərinin V cildində (s. 1982-1985) ərəblərin Azərbaycandakı fütuhat hərəkatını sıralayarkən Suraqə ibn Əmrin Şirvan və Dərbənd səfərini Bukeyr ibn Abdullahın Muğan səfərindən əvvəl qeyd edib, Suraqə ibn Əmrin ancaq Şirvan və Dərbəndi fəth etdikdən sonra Bukeyrə Muğana hərbi yürüş təşkil etməyi əmr etdiyini yazır. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi, Muğan Dərbənd və Şirvan yolu üzərində əhəmiyyətli bir əngəl idi və bu bölgəni keçib şimala doğru hərəkət etmək hərbi-taktiki cəhətdən qətiyyən məntiqə uyğun iş olmazdı.).
Suraqə ibn Əmrin Şirvana yürüşü və Şəhribərazla bağlanan müqavilə
Xəlifə Ömər ibn Xəttab (r.a) Azərbaycanın fəthinə böyük əhəmiyyət verirdi. Xüsusilə də bu ölkənin şimal-şərqində yerləşən Şirvan məmləkətini və Bab-ul-Əbvabın (Dərbəndin) İslam dövlətinə qazandırılması üçün çox çalışırdı. Muğanın fəth olunmasından qısa müddət sonra Bukeyr ibn Abdullaha şimal istiqamətində irəliləməsini əmr edən xəlifə digər tərəfdən də Kufədə Şirvana yürüş üçün təchizatlı bir ordu hazırlanması üçün göstəriş vermişdi. Xəlifə bu ordunun sağ və sol cinah komandanlığına Huzeyfə ibn Useyd əs-Səqafi və Bukeyr ibn Abdullahı, avanqard qüvvələrin başçılığına Əbdur-Rəhman ibn Rəbiə əl-Bahilini təyin etmişdi. Qənimətlər, ərzaq və maddi təchizat işləriylə Salman ibn Rəbiə əl-Bahili məşğul olacaqdı. Bu əzəmətli ordunun baş komandanlığına isə o dövrün məşhur sərkərdələrindən və bahadırlarından biri olan Suraqə ibn Amr təyin edilmişdi. Ordu xəlifənin əmri ilə döyüş nizamını pozmadan Kufədən yola çıxmışdı(Təbəri, Tarix-i Təbəri, c. S. 1981-1982; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 203, İbn əl-Əsir, əl-Kamil, c. III, s. 28; İbn Xaldun, Tarix-i İbn Xaldun, c. II, s. 120; Şihabəddin Əbi Abdullah Yaqut əl-Həməvi, Mucəm-ul-Büldan, Beyrut (tarixsiz), c. I, s. 361. Yaqut əl-Həməvi, Suraqə ibn Amr ilə birlikdə Əbu Musa əl-Əşərinin də bu yürüşdə iştirak etdiyini, bu səfərin h. 19/m.640-cı ildə baş verdiyini qeyd edir.). Daha sonra xəlifə əl-Cəzirə valisi Həbib ibn Məsləməyə də məktub yazaraq Suraqə ibn Amrın ordusunun ardınca Şirvana getməyi əmr eləmişdi(Təbəri, Tarix-i Təbəri, c. S. 1982; İbn əl-Əsir, əl-Kamil, c. III, s. 28.).Əbdur-Rəhman ibn Rəbiənin əmri altındakı avanqard qüvvələr Dərbənd ətrafına gəlib çatdığı vaxt, bu məmləkətin farsdilli hakimi Şəhribəraz ərəbləri xoş niyyətlə qarşılamışdı. O, Ərməniyyə(Orta əsr ərəb tarixçi və coğrafiyaşünasları bəzi hallarda Albaniyanı Ərməniyyə kimi qeyd edirlər.) (Albaniya) hökmdarı idi və qədim zamanlarda Şamı zəbt edib bəni-İsraili qılıncdan keçirən hökmdarın nəslindən idi(Təbəri, Tarix-i Təbəri, c. S. 1982.). Şəhribəraz Əbdur-Rəhman ibn Rəbiənin yanına öz adamlarını göndərərək onunla görüşmək istədiyini bildirdi. Əbdur-Rəhman onun bu istəyini rədd etmədi və Şəhribəraz İslam ordusunun düşərgəsinə gələrək idarə etdiyi insanların müxtəlif millətlərdən olduğunu, bu insanlardan özünün çox da məmnun olmadığını və müsəlmanlarla işbirliyi etmək istədiyini Əbdur-Rəhmana bildirmişdi. Bunun əvəzində Şəhribəraz idarəsi altındakı insanların cizyə vergisindən azad olunmasını istəmişdi. Bu mövzuda səlahiyyətli olmadığını bildirən Əbdur-Rəhman Şəhribərazı Suraqə ibn Amrın yanına göndərmişdi. Suraqə ibn Amr yalnız müsəlmanlarla birlikdə hərbi səfərlərdə iştirak edənləri cizyədən azad edə biləcəyini söylədi. Suraqə ibn Amr Mədinəyə məktub yazaraq xəlifəyə yaranmış vəziyyət və Şəhribərazın istəyi haqqında məlumat vermişdi. Ömər ibn Xəttab Suraqənin fikrini bəyənmiş və bu şərtlərlə əhd imzalanmasını tapşırmışdı(Təbəri, Tarixi-i Təbəri, c. V, s. 1983; Bələmi, Qozide-yi Bələmi, s. 111.). Bu şərtlərlə əhdin yalnız Şirvan və Arran əhalisi ilə bağlanması təsadüfi deyildi. Belə ki, Şəhribəraz və adamları bu yerləri, yəni Qafqaz dağlarındakı keçidləri və yolları yaxşı tanıyırdılar. Eyni zamanda xəzərilərin döyüş taktikasına və üsuluna bələd idilər. Şəhribərazla bağlanan əhdin mətni aşağıdakı kimidir.
Bismillahir-Rəhmanir-Rəhim
Bu, Əmirəlmöminin Ömər ibn Xəttabın valisi Suraqə ibn Əmr tərəfindən Şəhribəraza, albanlara və Albaniyada yaşayanlara verilən əmannamədir. Hər hansı bir hadisə baş verib-verməməsindən asılı olmayaraq, hər hərbi səfərdə iştirak etmək, valinin uyğun gördüyü hər yürüşdə iştirak etmək şərtilə onların canları və malları qorunacaq, dinləri və məzhəblərinə, dini ayinlərinin icrasına toxunulmayacaq və mane olunmayacaqdır. Zərər və ziyana uğramayacaqlar, heç bir şeyləri əksilməyəcəkdir. Bu əmannamə Albaniya əhalisinə, əl-Bab (Dərbənd) bölgəsindəki dağlarda, dağ kənarlarında, məskunlaşanlara, onlarla qonşu ərazilərdə yaşayanlara və şərtləri qəbul edən hər kəsə şamil edilir. Onların arasından bu şərtləri qəbul edənlər cizyədən azaddırlar. Səfərbərlikdə iştirak etmək cizyə yerinə keçərlidir. Səfərbərlikdə iştirak etmək istəməyənlər (cənubi) Azərbaycan əhalisinin ödədiyi miqdarda cizyə ödəməlidirlər. Eyni zamanda onlar qonaqlara bələdçilik etməli və hər biri bir müsəlmanı bir gecə və gündüz qonaq saxlamalıdırlar. Səfərbərlikdə olanlar bundan azaddırlar. Səfərbərlik bitib öz yurdlarına qayıdandan sonra yenə bu şərtlərə əməl etməlidirlər.Əhdi Mərazə ibn Muqərrin yazdı. Əbdur-Rəhman ibn Rəbiə əl-Bahili, Salman ibn Rəbiə əl-Bahili, Bukeyr ibn Abdullah əl-Leysi şahid oldular(Təbəri, Tarixi-i Təbəri, c. V, s. 1983. Təbəri bu əhdin tarixini qeyd etmir. Abbasqulu Ağa Bakıxanov Suraqə ibn Əmrin Şirvan səfərini h.23/m.644-cü ildə gerçəkləşdirdiyini yazır (bax. Gülistan-i İrəm, s. 51). Ehtimal ki, əhd də bu tarixdə bağlanmışdı.). Suraqə ibn Amr Şəhribərazla əhd bağlayandan sonra əmri altındakı ordunu bir neçə hissəyə böldü və ətraf məmləkətlərə yürüş etmələrini əmr etdi. Həbib ibn Məsləmə Tiflisə, Huzeyfə ibn Useyd isə Alaniyaya (Osetiya) yürüş etmişdi. Xəlifə Ömər Suraqənin bu işini bəyənməmiş və hərbi dəstələri dərhal geri, Şirvana çağırmasını əmr etmişdi(İbn əl-Əsir, əl-Kamil, c. III, s. 29; Təbəri, Tarix-i Təbəri, c. S. 1984.). Bu ordu üçün çox təhlükəli bir hərəkət idi. Kiçik dəstələrə bölünmüş ordu bir -birlərindən çox uzaq məsafələrə səfərə çıxmışdılar. Bundan başqa, onlara ərzaq və əlavə qüvvə göndərilməsi də çətinləşmişdi. Yeni fəth edilmiş İran və digər ölkələrin əhalisi müsəlmanların hər hərəkətini diqqətlə müşahidə edirdilər. Xəzərilərin qəfil hücumu əldə edilmiş bütün uğurları alt-üst edə bilərdi. Necə ki, bu kiçik hərbi dəstələr heç bir müvəffəqiyyət əldə edə bilmədən geri, Şirvana qayıtmışdılar. Bir müddət sonra Suraqə ibn Amr Şirvanda vəfat etmiş və onun yerinə Şimali Azərbaycan valiliyinə Əbdur-Rəhman ibn Rəbiə əl-Bahili təyin edilmişdi(İbn əl-Əsir, əl-Kamil, c. III, s. 29; Bələmi, öz əsərində (s. 111) Suraqənin Bukeyr ibn Abdullahla birlikdə Kufəyə qayıtdığını yazır.).
Şəhribəraz kimdir?
Suraqə ibn Əmrin Dərbəndi fəth edib-etməməsi məsələsinə gəldikdə, hər şeydən əvvəl klassik dövr İslam tarixçilərinin bu haqda nəql etdikləri məlumatları nəzərdən keçirək. Təbəri və İbn əl-Əsir Azərbaycanın fəthi haqqında «h.22-ci (m.643) İl hadisələri» başlığı altında məlumat verərək «əl-Babın (Dərbənd) fəthi də bu ildə olmuşdur» deyə qeyd edərək Dərbəndin Suraqə ibn Əmr tərəfindən fəth edildiyini yazırlar. Məsələni diqqətlə araşdırsaq bunun məntiqli bir iddia olmadığı qənaətinə gəlmək mümkündür. Hər şeydən əvvəl Şəhribərazla bağlanan əhd sayəsində Şirvan sülhən ərəblərin əlinə keçmişdi. Bu əhdin ehtivasına isə «əl-Bab (Dərbənd) bölgəsindəki dağlarda, dağ kənarlarında məskunlaşanlar» daxil edilmişdir və heç bir halda Dərbənd şəhəri, qalası və səddindən söhbət getmir. Bundan başqa Bəlazuri(Fütuh-ul-Büldan, c. I, s. 313.) və Moisey(həmin əsər, s. 103, 110.) ərəblərin gəlişi əsnasında Gürcüstan və Arranın şimalının xəzərilərin nəzarətində olduğunu qeyd edirlər. Üstəlik klassik dövr müsəlman tarixçiləri Suraqə ibn Əmrin ordusunun Dərbəndi mühasirəyə almasından, xəzərilərlə vuruşmasından bəhs etmirlər. Daha sonrakı illərdə Əbdur-Rəhman ibn Rəbiənin Bələncər qalasını mühasirəyə almasından, Salman ibn Rəbiənin Dərbənd qalasını xəzərilərdən alıb şəhəri fəth etməsindən bəhs edən mənbələri burada susmağa məcbur edən nədir? Əlbəttə ki, xəzərilərin Dərbənd kimi o dövrün ehtişamlı və möhkəm qalasını, qala mühasirəsi üçün lazımi texniki vasitələrə malik olmayan ərəblərə döyüşsüz təslim etdiklərini təsəvvür etmək mümkün deyil. Necə ki, daha sonrakı bölümlərdə görəcəyimiz kimi Dərbənddən daha zəif və kiçik qala olan Bələncəri mühasirəyə alan ərəblərə xəzərilər şiddətlə müqavimət göstərərək qalanı öz əllərində saxlaya bilmişdilər. Nəticə etibarilə belə bir qənaətə gəlmək olar ki, Suraqə ibn Əmrin ordusu Dərbəndi deyil, onun cənubundakı dağlıq bölgələri sülh yolu ilə fəth etmişdilər.Bir digər aydınlaşdırılmağa ehtiyacı olan məsələ də Şəhribərazın kimliyidir. Təbəri Şəhribəraz haqqında yazarkən onu o məmləkətin (Albaniya) farsdilli əhalisinin hakimi kimi tanıdaraq, nəsəb etibarilə Şamı istila edərək buradakı yəhudiləri qılıncdan keçirmiş şəxsin nəslindən olduğunu qeyd edir(TƏBƏRİ, Tarix-i Təbəri, c. V, s. 1982.). Digər müsəlman tarixçilər bu şəxs haqqında yazarkən onu müxtəlif adlarla tanıdırlar və Təbəri qədər ətraflı məlumat vermirlər. Bu şəxsi İbn Kəsir «Şəhribəraz», İbn əl-Əsir və İbn Xəldun «Şəhriyar», Bələmi isə «Şəhrənraz» adı ilə tanıdırlar. Şəhriyar kəlməsi lüğətdə «şah, hökmdar, məmləkət hakimi» mənalarını ifadə edir. Şəhribəraz isə iki ayrı sözün birləşməsindən meydana gəlmişdir. «Şəhr» bilindiyi kimi şəhər və ya ölkə, «bəraz» isə fars dilindəki «bərazəndən» məsdərindən törənib dilimizdə «yaraşmaq, layiq olmaq» mənalarını ifadə edir. Daha əvvəl qeyd etdiyimiz kimi Təbəri Şəhribərazı Şamı istila edib, yəhudiləri qətlə yetirən şəxsin nəslindən olduğunu bildirməkdədir. VII əsrdə qələmə alınmış «Albaniya tarixi» adlı salnamənin müəllifi Moisey Kalankaytuklu əsərinin 88-ci səhifəsində belə yazır: «Xorsan, Sasani şahı II Xosrov Pərvizin (591-629) baş komandanı idi. 614-cü ildə Qüdsü istila edib şəhəri yandırmışdı. Qüdsdəki müqəddəs xaçı Sasanilərin paytaxtına gətirmişdi. Qüdsün qızıl və gümüş əşyaları Xorsan tərəfindən talan edilmişdi. II Xosrov bu dəyərli sərkərdəsinə müxtəlif ləqəblər vermişdi. Bu ləqəblərdən birisi də Şəhrivəraz idi». Sasanilərin Suriyanı işğal etdikləri məlum hadisədir. Böyük ehtimalla Təbəri də Moiseyin haqqında danışdığı şəxsi nəzərdə tutmuşdur. Diqqət yetirilməli bir başqa xüsus da Təbərinin nəql etdiyi əhd mətnində Şəhribəraz «Ərməniyyədə yaşayanların və bütün ermənilərin» (yəni Albaniyada yaşayan hər bir millətin və albanların) hakimi və hökmdarı kimi müsəlmanlar tərəfindən tanınmaqda və qəbul edilməkdədir. İslam fütuhatı başlamazdan əvvəl Azərbaycanın siyasi vəziyyətini tədqiq edərkən Sasani sülaləsindən olan Mehranın Albaniyaya gələrək siyasi təşəbbüsü ələ almasından, beləcə Mehranilər sülaləsinin hakimiyyətə başlamasından, bu sülalədən olan Varaz Qriqor adlı knyazın Bizans imperatorunun hüzurunda xristianlığı qəbul edərək Albaniyanı öz hakimiyyəti altında birləşdirməsindən bəhs etmişdik. Moisey əsərində Mehranilərlə yuxarıda adı çəkilən Xorsan-Şəhrivəraz arasında hər hansı əlaqənin olub olmadığını yazmır. O, sadəcə ərəblərin Albaniyaya gəlişindən, Varaz Qriqorun öz oğlu Cavanşirə onlarla vuruşmağı qadağan etməsindən və özünün ərəblərə könüllü olaraq təslim olmasını qeyd etməklə kifayətlənir(Moisey, həmin əsər, s. 122.). Təəssübkeş xristian olan Moiseyin Varaz Qriqorun ərəblərlə əhd bağlamasını öz əsərində qeyd etməməsini başa düşmək çətin deyil. Ehtimal ki, Moiseyin Varaz Qriqor adlandırdığı şəxslə Təbərinin Şəhribəraz adlandırdığı şəxs eyni adamdır. Xristianlığı qəbul edən ilk Mehrani knyazı olaraq Qriqor adını almasına rəğmən farsca olan Varaz adını da qoruyub saxlamışdı. Bundan başqa, eyni ölkənin, eyni vaxtda iki hökmdarının olmasına çox az ehtimal vardır. H.22/m.643-cü ilin sonunda Kufə valisi Muğirə ibn Şubə, Əşas ibn Qeys əl-Kindini xəlifə Ömərin əmri ilə Azərbaycan valiliyinə təyin etmişdi. Bu vaxt Huzeyfə ibn-ul-Yəmanla bağladıqları əhdin şərtlərinə əməl etməyən Şərqi Azərbaycan əhalisi üsyan etmişdi. Əşas ibn Qeys bu bölgəni yenidən istila edərək sabitliyi təmin etdi və yerli əhalinin öz istəyi ilə onlarla Huzeyfə ibn-ul-Yəmanla bağladıqları əhdin şərtlərinə uyğun olaraq yenidən əhd bağladı. Daha sonra Əşas Azərbaycan əhalisinə İslam dinini öyrətmək üçün fəth etdiyi yerlərə dövlət xəzinəsindən maaş alan müəllimlər təyin etmişdi(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 140-141. Əhməd Bəlazuri Əşas ibn Qeysin bağladığı əhdin özünün yaşadığı dövrə qədər hökmünü qoruduğunu qeyd edir. Bəlazuri miladi 892-ci ildə vəfat etmişdir.). |