3 Aralık 2014 Çarşamba

Bayandur xan soyundan gələn sultanların böyüklüyü və Ağqoyunlu ordusunun ləyaqəti haqqında
Sülalənin əcdadı Bayandur xan öz dövründə, soyunun Oğuz xanın oğul və nəvələri kimi tanınmasına nail olmuşdur. Bayandur xandan başlayaraq birbaşa hökmdarlıq xətti kəsilmədən sürüb gəlmişdir. Mərhum Sahibqıranın (Uzun Həsən) hakimiyyəti dövründəki hadisələri təsvir edən Kitab-i Diyarbəkriyyədə bütün bu əcdadların adları qısa şərhlə sadalanmışdır. Müəllif onların üstünlüyündən bir daha danışmaq istəyir. Bilginlər demiş ki, ən şərəfli hökmdarlar, əsilzadə mənşə ilə (nəsəb), şöhrətlərinin saflığını (həsəb) özündə birləşdirənlərdir. Bayandurların əsilzadə mənşəyə haqları altı bəndlə sübut olunur:
1. Onların bütün əcdadları hökmdar olmuşlar və soykökləri, misgərdən törəmiş Səffarilər, və ya, barəsində «onun atası sağ əli ilə toxuyurdu» deyilmiş Tahiri Zü-l Yəmineyn kimi aşağı təbəqəli insanlara gedib çıxmır.
2. Onların qadınlarına işğalçı əli toxunmamışdır. [xüsusi bənd əlavə edilmişdir: Onlardan bir kimsə kənizdən törəmə ilə aşağılanmamışdır.]
3. Onların əcdadları, daima peyğəmbərlərə qarşı savaşmış Ərəb hakimləri, Farsların Xosrovu və Yəmənin Tubbası kimi əsla həqiqi inanclara və ya qanunun layiqli bilicilərinə qarşı gəlməmişlər. İslamdan öncə Bayandurlar o dövrün peyğəmbərlərinin təlimlərinə itaət etmiş, və İslam yaranan kimi, onu qəbul etmişlər.
4. Onların arasında heç zaman, Mərvanilərdə olduğu kimi bidət, Abbasilərdə olduğu kimi mütəziləlik, Büveyhilərdə olduğu kimi şiəlik və Səffarilər arasındakı dinsizlik (ilhad) kimi yalançı dini cərəyanlar yayılmamışdır.
5. Onlar, Xorasanın, Farsın və Kirmanın bir çox hakimləri kimi çirkin vərdişlərə meyl etmiş şəhər sakinləri deyildilər, ilin fəsilləri üzrə yönələrək, açıq sahələrdə köç edirdilər (sahari va yaylaqat va qışlaqat)
6. Onlar orduya (ordu təşkilatına) tabe deyildilər və sərkərdələrdən asılı deyildilər, əksinə, qılınclarının kəskin dəlillərindən istifadə edərək özləri ayaqlarını ordunun boynuna qoyurdular. Bəzi xəlifələrdən və son Çingizlilərdən fərqli olaraq, onlar həmişə öz tayfalarında (il va ulus) öncüllük etmişlər. Bu, onların başqa keyfiyyətlərini doğuran bir təməldir.
Onların şöhrəti də həmçinin yeddi bəndlə bəlli olur:
1. Onlar heç zaman, pis meyllərindən və mülhidlərlə ünsiyyətlərindən dolayı cəhənnəmin ucqarlarına vasil olmuş Qaraqoyunlulardan bir çoxları kimi yalançı inanclara uymazdılar.
2. Onlar şəriət hüququ ilə məşğul olduqda və fərmanlar imzaladıqda alimlikdə bəlli bir bilginlik göstərirdilər (miqdari əz `ilm), və əgər bəzən bu fərq mövcud deyildisə, onlar elmin yüksək mərtəbəsinə yüksəlmiş üləmanın fətvalarına əməl etməyə çalışırdılar.
3. Onlar cəsur idilər.
4. Onlar öz mülklərini bir növ öz evləri sayaraq qoruyardılar.
5. Onlar tamahkarlıqdan çəkinərdilər. Ağqoyunlu sultanı və döyüşçüləri dost və düşmənin şərəfinə hörmət edərdilər. Onlar, onların arvad və uşaqlarını əsir alardılar, ancaq incitməzdilər.
6. Onlar mərhəmətli idilər və xaric və xərac bəhanəsi ilə öz rəiyyətlərinin bədənlərindən həyat suyunu dağıdan başqa hakimlər kimi özgə əmlakını ələ keçirmirdilər.
7. Onlar, Azərbaycanda, hər iki İraqda, Farsda, Kirmanda və ta Hindin sahillərinə qədər özlərinin bütün mülklərində əsilzadə və sadə insanlara qarşı səxavətli və qayğıkeş idilər.
Çingiz xanın yürüşlərindən sonra Oğuz xanın övladları müxtəlif ölkələrə səpələnmişdilər. Ulu qazi (qazi fi sabil Allah) Sultan Osman övladları öz hakimiyyətlərini Rumda qurdular, Oğuz-xanlıların bir başqa qolu isə bu zaman Diyarbəkir torpaqları ilə kifayətləndilər.
_____________________________________________________
Fəzlullah bin Ruzbihan Xunci, «Târîx-i Âləm-ârây-i Əminî»
© ATB

  1.  Gəraylı eli

Gəraylı, Xorasan, Gürgan (Astarabad) və Mazandaranda bir Türk tayfasıdır. Etimad əl-Səltənəyə görə, Gəraylılar, bir zamanlar Monqolustanın qüdrətli tayfalarından olmuş və başçıları Van Xan 1203-cü ildəÇingiz Xan tərəfindən yenilmiş olan Kereitlərin soyundandırlar. Ancaq bu iddianı sübut edəcək inandırıcıdəlillər yoxdur. Etimad əl-Səltənənin Gəraylıların Çingiz Xan və ya Hülaku Xanla bərabər İranın quzeydoğusuna gəlməsi təxminini əsaslandıracaq yol da yoxdur. Yalnızca Gəraylıların İrana gəldikdən sonra, Dərrəgəzlə (Məhəmmədabad) Səraxs arasında yarıyolda, Gürgandan Kəlat-i Nadirə qədər geniş bir bölgəni tutduqları bilinir. Biz eyni zamanda Səfəvilər çağında Gəraylılarla Cağatay tayfaları arasında sıx əlaqənin olduğunu bilirik. İskəndər Bəy Münşi Türkmanın yazdığına görə, Gəraylıdan üç Cağatay əmiri olmuşdur: Mirzə Əli Xan Gəraylı, hicri 935-ci (1531-1532) ildə Damğan valisinə Özbəkləri yenməyə yardım etmişdir; Mirzə Əli Xəlifə, hicri 984-də (1576-1577) Gəraylılara başçılıq etmişdir və Əlyar (Əliyar)Xan Gəraylı, hicri 1038-ci (1528-1629) ildə Gəraylıya başçılıq etmişdir.
Hicri 1004-cü (1595-1596) ildə Gəraylının bəyi, Əli Xan I Şah Abbasa qarşı qalxdı. İki il sonra o
tutularaq edam edildi. Yenə I Şah Abbas çağında Gəraylıların Xorasandakı otlaqlarından çoxu, İranın
quzeybatısından buraya köçürülmüş Kürd tayfalarının əlinə keçmişdi. Gəraylı bəyi Rəhim Xanın adı
Nadir Şah Avşarın (1436-1747) Əfqanlara və Osmanlılara qarşı savaşlarında seçilən sərkərdələri arasında vurğulanır. H. L. Rabino onu Gürganın valisi adlandırır. Allahyar Bəy Gəraylı Osmanlı sərkərdəsi Topal Osman Paşanı öldürmüş və kəsilmiş başını Nadir Şaha gətirmişdir. Sonralar, Ağa Məhəmməd Xan Qacar Gəraylıların bir çoxunu Gürgan və Bocnurd arasındakı Kəlpuş bölgəsindən Qarataqan, Miyandorud və Əndəruda, həmçinin şərqi Mazandaranda Sari bölgəsinin quzeydoğusu, şərqi və güneydoğusuna
köçürmüşdür. Gəraylılar, 19-cu yüzildə get-gedə keçmiş əraziləri boyunca şəhər və kəndlərdə
məskunlaşaraq tayfa birliyi olmaqdan çıxdılar. Bunun sonucunda, onlar ədəbiyyatda quzeydoğu İranda nadirən vurğulanmağa başladılar. Onların bir qisminin Əşrəfdə məskunlaşaraq əhalinin dörddə birini(məhəllə) təşkil etdiklərini, və Gəraylılardan təxminən 1,000 ailənin Sari – Əşrəf yolunda, Neka
yaxınlığında, Nov Dehak və Çala Pol da daxil olmaqla, altı ya da yeddi kənddə məskunlaşdıqlarını
öyrənirik. Biz həmçinin, 1900-cu illərin başlarında, Gürgan vilayətinin şərq rayonlarının əsasən
Gəraylılarla məskun olduğunu, və 1874-cü ildə onlardan 1,000 ailənin Bocnurd və Quçan arasında Şirvan şəhərində yaşadığını bilirik.
Britaniya Donanma Kəşfiyyatının bilgilərinə əsasən, 1940-cı illərdə Xorasanın Cacərm, Cuveyn və
Səbzivar bölgələrində, həmçinin, Gürganın şərqindəki düzənlikdə beş min ailə Gəraylı yaşayırdı. Afşar Sistaniyə əsasən. Gəraylılar Türkdürlər və Şiədirlər.
__________________________________________________
Professor Pyer Oberlinq
© ATB ― Azərbaycan Türkçülər Birliyi