Türkmanlar |
Şübhəsiz, tarixi mənbələrdə rast gəldiyimiz “türkman” və “türkmən” anlayışları arasında oxşarlıq vardır. Bu hər şeydən əvvəl onların bilavasitə “türk” kökü ilə bağlıdır. Lakin onlar heç də eyni anlayışlar deyildir. Başqa sözlə, “türkmənlər” dedikdə əsasən, indiki Türkmənistan ərazisində yaşayan türklər, xüsusi ilə oğuz mənşəli xalq başa düşülür. “Türkman” məfhumu isə daha geniş anlayış olub tarixi türk torpaqlarının müxtəlif bölgələrində yaşayan türklərə münasibətdə işlədilən addır və daha çox ümumi xarakter daşıyır, konkret şəkildə ayrıca bir etnosa aid deyil. Bu adı indi müxtəlif ölkələrə (İraq, Türkiyə, Suriya və s.) səpələnmiş türklər daşıyır. Hər halda türkman adı altında təqdim edilən türkmənşəli xalqlar arasında coğrafi, tarixi, mənəvi və dil birliyinin olması inkar edilməzdir.
“Türkman” anlayışının etimologiyası məsələsində tam bir qarışıqlıq mövcuddur və bu anlayışın mənasını müəyyən etmək “dolaşıq bir yumağın açılması kimidir”, desək səhv etmərik. Bu adın əsl mahiyyətini müəyyənləşdirmək, onun həqiqi mənasını dərk etmək üçün əvvəlcə, tarixşünaslıqda mövcud olan fikirləri və mənbələrdəki məlumatları diqqətlə araşdırmaq lazımdır.
Türkman adı haqqında bir sıra tədqiqatçılar tərəfindən söylənilmiş fikirləri ümumiləşdirərək əsasən, üç qrupa bölmək olar:
1. Birinci geniş yayılmış fikrə görə, “Türkman” adı “Türk” və “iman” sözlərindən yaranıb və mənası “iman gətirmiş türk” deməkdir. Başqa sözlə, burada İslam dininə X-XI əsrlərdə ilk dəfə iman gətirmiş türklər, xüsusilə oğuzlar başa düşülür.
2. İkinci fikrin tərəfdarlarına görə, “Türkman” sözü “Türk” adı ilə farsca “oxşar”, “bənzər” mənası verən “manənd” sözlərinin birləşməsindən yaranmış “türkmanənd” sözündəndir. Mənası isə “türkə bənzər” deməkdir.
3. Üçüncü fikrə görə, “Türkman” sözü “Türk” və “mən” sözlərinin birləşməsindən yaranmış və “türkəm mən” və yaxud “mən türkəm” anlamını verir.
Birinci fikrin tərəfdarları daha çoxdur. Lakin bu zaman belə bir sual meydana çıxır: Nə üçün oğuzlardan əvvəl Azərbaycan və Xorasanda İslamı qəbul etmiş türklər, Sacilər və Qəznəvilər kimi dövlətlərin müsəlman hökmdarları, xəlifələrin saraylarında xidmət etmiş türklər türkman adlanmırdı?
Azərbaycan tarixçilərindən Z.M.Bünyadov, S.B.Aşurbəyli, Ş.M.Mustafayev və T.H.Nəcəfli və başqaları öz əsərlərində türkmən (türkman) anlayışı ilə bağlı müəyyən fikirlər söyləmişdir.
Z.M.Bünyadov özünün Atabəylərə və Xarəzmşahlara həsr etdiyi əsrlərində türkmanlarla bağlı məsələlərə də toxunmuşdur. O, Bəlx ətrafındakı oğuzları türkman adlandırır (1, 20). Müəllif, 1158-ci ildə baş verən hadisələrdən bəhs edərkən Mavərənnəhrdə yaşayan tükmanların başçısının “ilik türkman” adlandırıldığını qeyd edir (1, 28). O, yazır ki, Xarəzmşah Cəlaləddindən sonra Mosul və Kərkükdə qalan Xarəzm türkləri özlərini indi də türkman adlandırırlar (1, 118). Müəlifin yazdığına görə, XV əsrdə Təbriz ətrafındakı əhalinin böyük əksəriyyəti türkmən (türkman) adlanırdı (1, 158).
S.B.Aşurbəyli Yaqut Həməvi və Zəkəriyyə Qəzviniyə istinad edərək Muğanda çoxsaylı türkman adlanan əhali qruplarının yaşadığını qeyd edir (2, 235). Biz onun əsərində Xarəzmşah Cəlaləddinin vəziri Şərəf əl-Mülkün türkmanların mal-qarasını qovub aparması (2, 192), Muğanda yaşayan türkmanların tatarlar tərəfindən oradan sıxışdırılması (2, 240), Şirvan ordusu tərkibində muzdlu türkman döyüşçülərinin olması haqqında məlumatlara rast gəlirik (2, 179).
Ş.M.Mustafayev Səlcuqlara həsr etdiyi monoqrafiyasında türkmanlarla bağlı tarixşünaslıqda mövcud olan bəzi fikirlərə münasibət bildirmiş və bir sıra mənbələrdən nümunələr gətirmişdir (3, 13-25). O, X əsrdən etibarən ərəb və farsdilli müsəlman ədəbiyyatında türkman etnoniminin getdikcə daha geniş şəkildə işləndiyini yazır. Müəllif, öz əsərində Əl-Biruni, Əl-Mərvazi, Fəzlullah Rəşidəddin kimi müəlliflərin əsərlərindən nümunələr gətirərək türkman adının etimologiyası ilə bağlı fikirlərə münasibət bildirmişdir. Onun yazdığına görə, orta əsr müsəlman müəllifləri türkmənlərin (türkmanların) İslamı qəbul etmiş oğuzlar olduqlarını yekdilliklə qeyd etmişdir. O, bu terminlə bağlı fikirlərin tarixi həqiqətə nə dərəcədə uyğunluğundan asılı olmayaraq, İslamı qəbul etmiş oğuzların türkman adlandırıldığını qeyd edir (3, 19).
T.H.Nəcəfli öz monoqrafiyasında Qaraqoyunluların mənşəyini araşdırarkən onların türkman adlanan etnik qrupla bağlı olduğunu göstərir. O, öz əsərində V.V.Bartoldun, V.İ.Jirmunskinin, F.Köprülünün, Z.V.Toğanın, F.Sümerin, İ.Kafəsoğlunun, O.Şaiqin və başqalarının türkmanlarla bağlı fikirlərinə münasibət bildirmişdir. Müəllif türkman anlayışı haqqında Əl-Müqəddəsi, Əl-Biruni, M.Kaşğari, F.Rəşidəddin kimi orta əsr müəlliflərinin əsərlərində rast gəlinən nümunələrə də münasibət bildirmiş və belə bir qənaətə gəlmişdir ki, həmin istilah İslam dinini qəbul etmiş bütün oğuz tayfalarına şamil olunmuş bir ad idi (4, 21-23).
V.V.Bartold özünün bir sıra əsərlərində türkman anlayışına toxunmuşdur. O, F.Xirtin Çin mənbələrində işlənən “teqomen” anlayışının türkman anlayışı ilə bağlı olması ehtimalını qəbul edir (bax: 4, 21-23). Müəllif yazır ki, Mahmud Kaşğarinin əsərində rast gəlinən üç xalq – qarluk, yağma, cigil kimi türk tayfaları Qaraxanilər sülaləsinin (927-1212) hakimiyyəti dövründə mühüm rol oynamışdır və qarlukları da oğuzlar kimi türkman adlandırırdılar. V.V.Bartold daha sonra qeyd edir ki, ilk dəfə X əsrdə rast gəlinən bu sözün mənşəyi indiyə qədər aydın deyil. O, “türkman” anlayışının Mahmud Kaşğaridə də rast gəlinən mənalarından birini yəni, fars mənşəli “türkmanənd” (“türkə bənzər”) şəklində etimologiyasını qətiyyətlə rədd edir və bildirir ki, “türkman” adi “türk” adından fərqli idi. O, qeyd edir ki, Qaraxanilər nəslindən olan türkmanlar XII əsrdə Balasaqun və Yeddisu hakimləri idilər (5, 59). V.V.Bartold “türkman” adının əsasən, oğuzlara münasibətdə işləndiyini xüsusi olaraq qeyd edir.
A.K.Arendsin yazdığına görə, Amu-Dərya çayının sağ sahillərində məskunlaşmış oğuzlar X əsrin II yarısında İslam dinini qəbul etdilər və özlərini türkmən adlandırdılar. Türkmən adı tədicən oğuz adını sıxışdırmağa başladı. Həmin oğuzlar XI əsrin başlanğıcında Səlcuqların rəhbərliyi altında tədricən indiki Türkmənistan ərazisin ələ keçirməyə başladılar (6, 630).
Türkman sözünün mənşəyini müəyyən etməyə çalışan A.Mixaylova görə, oğuz türkləri özlərini türkmən (türkman) adlandırırdı. Belə ki, onlar “sən kimsən” sualına “türkəm mən” deyə cavab verirdilər (7).
C.Q.Ağacanova görə, bu ada hələ VIII-IX əsrlərə aid Çin mənbələrində təsadüf olunur. Belə ki, Çin mənbələrində “Tekumenq” ölkə adına rast gəlinir. Belə ehtimal olunur ki, bu zaman, indiki Yeddisu ərazisi başa düşülürdü və bu söz türkman sözü ilə bağlıdır. O, belə bir qənaətə gəlir ki, İslamı qəbul etmiş oğuzlar, eləcə də qarluqlar və xalaclar türkmən (türkman) adlanırdı (8, 23).
“Dədə-Qorqud” dastanının tədqiqatçısı V.İ.Jirmunski bu istilahın məhz müsəlman oğuzlara aid olduğunu yazır (Bax: 4, 22).
V.F.Minorskiyə görə, səlcuqlar özlərindən əvvəl qərbə doğru hərəkət etmiş oğuzlardan fərqlənirdi. O, yazır ki, Mavərənnəhrdə böyük qüvvəyə çevrilmiş oğuz (türkman) tayfaları XI əsrin başlanğıcında geniş ərazilər ələ keçirdilər (9, 187). Bununla da o, türkman dedikdə məhz oğuzların başa düşüldüyünə işarə edir.
K.Kahenə görə, “köçəri müsəlman türkləri” ifadə edən türkman sözü geniş şəkildə yayıldıqdan sonra bu ad onları bir tərəfdən oturaq türklərdən, digər tərəfdən isə, İslamı qəbul etməmiş “kafir” (şamanist) köçəri oğuzlardan fərqləndirməyə başladı (3, 20).
Türkman və türkmən anlayışlarına ən çox diqqət yönəldən tədqiqatçılardan biri də görkəmli Türkiyə tarixçisi Faruq Sumerdir. Əl-Müqəddəsinin sözlərinə istinad edən müəllif yazır ki, X yuzillikdə Balasaqun ilə Mirki qəsəbəsi arasında “türkmən” adlı bir xalq yaşayırdı və bu xalqın hökmdarı “ilig” adlanırdı. Onun iqamətgahı Ordu qəsəbəsi idi və o, İsficab hömdarına hədiyyələr göndərirdi (10, 28). F.Sumer daha sonra bildirir ki, eyni müəllif bir sıra hallarda, oğuzlara ayrıca işarə edir, lakin onların müsəlman olduğunu söyləmir. Beləliklə, həmin tükmənlərin (türkmanların) oğuzlardan ayrıca bir xalq olduğu görünür. Ehtimal olunur ki, həmin türkmənlərə İslamı İsficab hakimi qəbul etdirmişdir (10, 28). F.Sumer türkmənlərin etnik mənşəyi məsələsində müəyyən dərəcədə V.V.Bartoldla razılaşır və onların qarluqlardan olması ehtimalını qəbul edir. Digər tərəfdən o, bununla bərabər türkmənlərin qarluqlardan da ayrı bir etnos olması, onların türkeşlərin və ya onoxların qalıqlarından olması ehtimalını da irəli sürür (10, 29). Qarluqların İslamı qəbul edən ilk xalqlardan biri olmasını söyləyən müəllif, “müsəlman oğuzlara türkmən adı verilməsi də bu xalq ilə bağlıdır” fikri üzərində dayanır. Oğuzlardan İslamı qəbul edən zümrələrə onları qeyri-müsəlman qardaşlarından ayırd etmək üçün türkmən adı verilirdi. Türkmən adı Mavərənnəhr müsəlmanları arasında “müsəlman türk” kimi bir məna kəsb etmişdi (10, 51). F. Sumerə görə, türkmən adının ancaq oğuz mənşəli müsəlmanlara verilməsi, “Əl-Biruninin də qeyd etdiyi kimi, hər cür şübhədən uzaqdır” (10, 51). Lakin oğuzlar özlərinə türkmən (türkman) demirdi. Onlar müsəlmanlar tərəfindən verilən bu adı uzun bir zaman mənimsəmədilər və oğuz adını unutmadılar. Lakin XIII yüzilliyin əvvəllərində artıq hər yerdə oğuz yerinə türkmən adı işlədilirdi (10, 51). Qeyd etmək lazımdır ki, oxşar fikrə B.Çobanzadənin əsərində də rast gəlinir (3, 20). F.Sumer həmçinin qeyd edir ki, XI yüzillikdən başlayaraq “türkmən” adının “türkmanənd” sözündən yaranması fikri geniş yayılmışdır və XIV yüzillikdə İranda “türkman” sözünün bu şəkildə izahına üstünlük verilirdi. Müəllif bu zaman Fəzlullah Rəşidəddinə istinad edir (10, 52). Onun yazdığına görə, bəzi alimlər, o cümlədən J.Deni və V.F.Minorski bu sözün “öz-türk” şəklində anlamını da irəli sürmüşdür (10, 52).
M. F.Kırzıoğlu qıpçaqlara həsr etdiyi əsərində türkmanlarla bağlı məsələlərə də toxunur. Onun türkman sözünün mənşəyi ilə bağlı fikirləri maraqlıdır. Müəllif türkman sözünü Çin mənbələrində rast gəlinən “tü-kü-mön” , “Tövrat”dakı saka “torqomalar” və bəzi qaynaqlarda eradan əvvəlki hadisələrdə adı çəkilən “dargaman” adı ilə bağlı olması ehtimalını irəli sürür (11, 203-204). O, VIII əsr ərəb müəlliflərindən Vəhəb bin Münəbbihin əsərində rast gəlinən və hökmdar Zülqərneynlə qarşılaşdığı güman edilən “torgümanlar” adlı xalqa diqqət yönəldir (11, 204). M.F.Kırzıoğlu öz əsərində səlcuqların və monqolların hakimiyyəti dövründə türkmanların hərbi-siyasi fəaliyyətinə də yer vermişdir.
F.Köpürlü və Z.V.Toğan türkman adının müsəlman oğuzlara verilməsi və əsasən, XI əsrə aid olması fikrini müdafiə edirlər (bax: 4, 22-23). Z.V.Toğana görə, oğuzların “oğuz” və “türkman” adı ilə iki qrupa bölünməsi səlcuqların hökmranlığı dövründə meydana gəlmişdir (bax: 4, 22).
İ.Kafəsoğlu türkman termininin yalnız İslamı qəbul etmiş oğuzlara şamil edilməsi ilə razılaşmır. O, bu terminin hələ IX ərdə işləndiyini və “əsil türk”, “böyük türk” mənası verdiyini yazır (bax: 4, 22).
Türkman adı və onun mənşəyi haqqında məlumata bir sıra orta əsr müəlliflərinin, o cümlədən ərəbdilli tarixçilərdən Əl-Müqəddəsi, Əl-Biruni, Əl-Hüseyni, İbn Kəsir, İbn Əl-Əsir, İbn Xəldun, İbn Xallikan, Yaqut Həməvi, Əbu-l-Fida, Əl-Mərvazi, Ən-Nəsəvi, Əbdürrəhman ibn Əl-Cövzi, Səbt ibn Əl-Cövzi, farsdilli tarixçilərdən Əbu Səid Qardizi, Əbu-l-Fəzl Beyhəqi, Əl-Cüveyni və başqalarının əsərlərində rast gəlinir. Yuxarıda adı çəkilən müəlliflərlə yanaşı Zahir əd-Din Nişapuri, Həmdullah Qəzvini, Fəzlullah Rəşidəddin, Zəkəriyyə Qəzvini, Əbül-Qazi, Əbubəkr Tehrani, Hafiz Əbru, Ruzbehan Xunci, İsgəndər bəy Türkman və başqaları da öz əsərlərində türkmanlar haqqında məlumat vermişlər. Bununla yanaşı XV-XVII əsrlərdə yaşamış bir sıra Osmanlı tarixçiləri də öz əsərlərində türkmanlarla bağlı maraqlı məlumatlar verirlər.
X əsr müəlliflərindən Əl-Müqəddəsi İsficab bölgəsində türkmanların yaşaması haqqında məlumat verərək yazır: “Ordu kiçik şəhərdir, türkman məliyinin iqamətgahı orada yerləşir” (12, 275). Lakin həmin türkman məliyi İsficab hakimindən asılı idi və ona hədiyyələr verirdi. O, oğuzlardan “quz-əl-ətrak” kimi ayrıca bəhs edir və onları türkman adlandırmır (12, 286).
XI əsr müəlliflərindən Əl-Biruni özünün “Kitab əl-Cəmahir” adlı əsərində bildirir ki, müsəlman əhali oğuzlardan İslamı qəbul edib müsəlman olanları digərlərindən fərqləndirmək üçün onları türkman adlandırmağa başladı (13, 90).
XII əsr müəlliflərindən Əl-Mərvazinin “Təbai-l-həyavan” adlı əsərində türkman sözü müsəlman quzlara (oğuzlara) aid edilir. O yazır ki, İslam məmləkətinə yaxın olan oğuzlar müsəlman olub türkman adını qəbul etdikdən sonra kafir kimi qalanlara qarşı cihada başladılar. Lakin o, bu adı İslamı qəbul etmiş digər türklərə münasibətdə də işlədir (3, 19). Əl-Mərvaziyə istinad edən Məhəmməd Əl-Əufi 1231-ci ildə qələmə aldığı “Cəvami əl-hekayət” adlı əsərində yazır ki, İslam dinini qəbul edən oğuzlar İslam şəhərlərinə gəldilər. Onlara türkman deyirdilər (3, 19).
Sədr əd-Din Əli Əl-Hüseyni öz əsərində Səlcuqlar və Eldənizlərlə bağlı hadisələrdən bəhs edərkən bir neçə dəfə türkmanlardan və tərəkəmələrdən bəhs etmişdir. Onun əsərində Şəmsəddin Eldənizin “öz ətrafına türkmanlardan böyük qüvvə toplaması” öz əksini tapmışdır (14, 90a). Əl-Hüseyni yazır ki, səlcuqlar 426-cı (1034) ildə Xorasana doğru hərəkət etdilər. Bu zaman Xorasandakı türkmanlar səlcuqlara xidmət etməyə başaladılar və onlara qoşuldular (14, 110a). Göründüyü kimi, burada səlcuqlarla türkmanlar bir-birindən fərqləndirilir.
Türkman adına Mahmud Kaşğarinin “Lüğətində” də rast gəlinir. Mahmud Kaşğaridə deyilir: “Oğuz bir türk boyudur. Oğuzlar türkməndirlər. Onlar iyirmi iki bölükdür” (15, I. 55-56). Onun yazdığına görə, “ Sən kimsən” anlamında olan “Kim sən” sualına cavab olaraq “Türk mən” deyilir və mənası “Mən türkəm” deməkdir (15, I. 352-353). O, qarluqlar haqqında yazır: “ Köçəri türklərdən bir bölüyün adıdır. Oğuzlardan ayrılıb. Oğuzlar kimi türkmandır” (15, I. 473).
Qəznəvi tarixçisi Əbu-l-Fəzl Beyhəqinin əsərində türkman adına dəfələrlə rast gəlinir. Lakin bu zaman o, səlcuqlarlar, türkmanlar və türklər adını eyni yerdə bir-birindən ayrı şəkildə dəfələrlə işlədir və onları fərqləndirir. Belə ki, o, h. 423-cü (1031) il hadisələrindən bəhs edərkən “70 seçmə türk qulamının əsir düşməsindən”, “türkmanların və səlcuqların Dəbusda döyüşə hazırlaşmasından” eyni vaxtda bəhs edir (16, 328). O, h. 424-cü (1032) il hadisələrindən bəhs edərkən “türkmanlar və səlcuqlar” ifadəsini işlədir (16, 380). Bir qədər sonra isə “Səlcuq türkmanları” ifadəsinə yol verir (16, 443). Beləliklə, o, bəzən Səlcuq türkmanları, bəzən də səlcuqlar yazır. Burada müəllifi səlcuqlar və türkmanlar dedikdə səlcuqlardan daha əvvəl qərbə doğru gəlib çıxmış oğuzları, Səlcuq türkmanları dedikdə isə Səlcuq yürüşləri dövründə gəlib çıxmış oğuzları nəzərdə tutur. Beləlkilə, o, türkmanların yalnız səlcuqlardan ibarət olmadığına işarə edir. Onun əsərində h. 428-ci (1036) il hadisələrindən bəhs edilərkən səlcuqların iki elçisinin Qəznəvilərin düşərgəsinə gəlməsi əks olunmuşdur. Burada səlcuqlar türkman adlandırılır. Lakin səlcuq elçisinin dilindən deyilir; “Sirr deyil ki, Xorasandakı türkmanlar başqa türkmanlardır” (16, 476). Yenə həmin ilə aid hadisələrdən danışılarkən Qızıl, Yağmur və Balxan-kuh türkmanlarının səlcuqların hücumları qarşısında geri çəkilməsindən bəhs olunur. H. 430-cu (1038) il Sərxas döyüşündən bəhs edən müəllif səlcuqları yenə türkman adlandırır (16, 536). Lakin bunun ardınca h. 432-ci (1040) il hadisələrindən bəhs edən müəllif yazır ki, “hələ səlcuqlar gəlməzdən əvvəl, Xorasan türkmanlar tərəfindən qana bulanmışdı” (16, 652). Beyhəqinin əsərində h. 425-ci (1033) il hadisələrindən bəhs olunarkən İraq türkmanlarından (16, 400), h. 426-cı (1034) il hadisələrindən bəhs olunarkən həm Səlcuq türkmanlarından, həm də İraq və Xarəzm türkmanlarından danışılır (16, 444). Bütün deyilənlər göstərir ki, hələ səlcuqlardan əvvəl Xorasan və İraq torpaqlarında türkmanlar yaşayırdı.
Digər Qəznəvi tarixçisi Əbu Səid Qardizi yazır ki, Sultan Mahmud Mavərənnəhrdə olarkən rast gəldiyi böyük bir tayfanı gördükdə vilayət hakimindən soruşdu: “Bu türkmanlar nə üçün bu vilayətdədirlər”? (17, 268). Onun əsərində h. 418-ci (1027) ildən etibarən türkmanların dəfələrlə Qəznəvi ordusu ilə qarşılaşması göstərilir. Bu zaman səlcuq sərkərdələri Toğrul bəy və Çağrı bəy türkman adlandırılır (17, 284). Qardizi öz əsərində “tərəkəmə” terminindən də istifadə edir. Məsələn, o, h. 429-cu (1037) ildə Mərvə doğru hərəkət edən Qəznəvi ordusunun tərəkəmələrin hücumuna məruz qaldığını yazır (17, 282).
XII əsr müəlliflərindən Əl-Qərnati yazır ki, Muğanda türkmanların mənzilləri vardır. Lakin o, daha sonra qeyd edir ki, hal-hazırda burada tatarlar qışlayırlar və yerli türkmanlar buranı tərk etmişlər (18, 165).
İbn Kəsir yazır ki, h. 432-ci (1040) ildə Səlcuqların fəaliyyəti genişləndi və onların hökmdarı Məhəmməd Toğrul bəyin nüfuzu artdı. Onun babası Səlcuq vaxtı müsəlmanlara sığınmışdı. Onun atası Mikayıl kafir türklərlə müharibədə şəhid olmuşdu. Səlcuqlar haqqında sözlərinə davam edən müəllif daha sonra yazır: “Hal-hazırda türkman adlanan mömin türklər, yəni türk-l-imanlar” onun ətrafına toplandılar. Türkmanlar həmin səlcuqlardır və Sultan Mahmudun ölümündən sonra onlar Xorasanı tamamilə ələ keçirdilər (19, 1813).
Əbu-l-Fida Anadoluda Qaraman oğulları adlanan türkmanların yaşadığını və oradakı dağın Türkman dağı adlandığını yazır. O, türkman sözünü cəmdə “tərakamin” (“tərəkəmələr”) şəklində təqdim edir (20, 29).
Əl-İdrisi öz əsərində Xərləxit (qarluqlar) və doqquzoğuzlardan bəhs edir (21, 511). O doqquzoğuzların hələ İslamı qəbul etməyib məcus olduğunu və oda sitayiş etdiyini yazır. İsficab və ona yaxın olan nahiyələr haqında məlumat verən Əl-İdrisi həmin bölgədə yaşayan türkləri, oğuz türklərini və xərləxit türklərini fərqləndirir. O, bu bölgədə oğuz türklərinin yaşadığını və “onların qədim dövrlərdən İslamı qəbul etdiyini” yazır (21, 705). Qeyd etmək lazımdır ki, elmi ədəbiyyatda türkman adının Əl-İdrisnin yazdığına görə, Makedoniyalı İsgəndər tərəfindən verilməsi haqında fikir mövcuddur. Əslində isə burada söhbət türkmanlardan deyil, sadəcə olaraq türklərdən gedir. O, bu zaman “türk” adının mənşəyi ilə bağlı fikir söyləyir (21, 850). Belə ki, onun yazdığına görə, türkləri Yəcuc-Məcucdan o tərəfə qovan İsgəndər onları tərk etmişdir. Ərəblər də bundan sonra həmin tərk edilmiş xalqı “türk” adlandırmışdır. “Türk” və “tərk” sözü isə ərəb dilində eyni şəkildə yazılır. Əlbəttə, bu doğru deyildir. Çünki, elə həmin ərəb müəlliflərinin əsərlərində İsgəndərin yürüşlərindən əvvəlki dövrə aid hadisələrdə türklərdən dəfələrlə bəhs edilir.
İbn Xalikan öz əsərində türkman adını bir neçə dəfə çəkir. O, səlcuqlardan olan əmirləri türkman əmirləri kimi təqdim edir (22, I, 191; VI, 117). O, h.563-cü (1167) ildə vəfat edən Ərbil hakimi Müzəffərəddinin türkman əsilli olduğunu bildirir (22, IV. 114).
Türkmanlarla bağlı daha maraqlı məlumata İbn Xəldunun əsərində rast gəlinir. Məsələn, o, yazır ki, ərəb müsəlman ordusu h.111-ci ildə (729-730) “Tiflis nahiyəsindən olan “türkman” (“turkuman”) ölkəsi” üzərinə hücum edərək onları məğlubiyyətə uğratdı (23, III, 111). Qeyd etmək lazımdır ki, İbn Xəldun öz əsərində tez-tez “xəzərlər və türklər” ifadəsinə yer verərək onları bir-birindən fərqləndirir. Digər tərəfdən o, VIII əsrin əvvəlində baş verən hadisələrdən bəhs edərkən xəzərləri “turkuman” adlandırır (23, III, 114). İbn Xəldun öz əsərində sanki, gələcək nəsillər tərəfindən bu adın düzgün oxunmasına yardım etmək üçün onu hərəkələrlə birlikdə vermişdir. O bu sözü “turkman”, “turkuman” şəklində təqdim edir (23, I, 94). İbn Xəldun dönə-dönə yazır ki, xəzərlər türkmandır və bütün türklər Yafət (Yafəs) nəslindəndir (23, II. 11). İbn Xəldunun bu məlumatı türkman adının etimologiyası ilə bağlı yuxarıda söylənən fikirləri şübhə altına alır. Birincisi, burada bu adın yalnız oğuzlara aid olmadığı aydın olur; İkincisi, bu adın yalnız İslama iman gətirmiş türklərə aid olmadığı üzə çıxır. Çünki xəzərlər həmin dövrdə hələ İslamı qəbul etməmişdilər və ərəblərin Tiflis bölgəsində vuruşduğu türkmanlar müsəlman deyildi.
Bununla belə, mənbələrin verdiyi məlumatlardan göründüyü kimi, türkman anlayışı ən çox Səlcuqlar dövrünə təsadüf edir. Onlar səlcuq ordusunun əsasını təşkil edirdi. Səlcuqlardan sonra Avropadakı xəritələrdə Anadolunun şərq hissəsi Turkomaniya, Osmanlılarda isə Turkman eli kimi göstərilirdi. İbn Xəldun oğuzları türk xalqlarından sayır, Azərbaycana daxil olan səlcuqları da türkman adlandırır (23, I, 95; III, 580). O, Səlcuq sultanı Məlikşahın dövründə eyni zamanda 7 min türkman və 3 min türkün səlibçilərə qarşı mübarizə apardığını yazır (23, V, 39). Müəllif Osmanlıları da türkman adlandırır (23, I, 86) və onları “Rum ölkəsindəki türkmanlardan olan osman övladları” kimi təqdim edir (23, II, 20). Göründüyü kimi burada osmanlı və türkman sözü bir yerdə işlənir. Lakin tədricən türkman sözü osmanlı adı tərəfindən sıxışdırıldı. İbn Xəldun türk və türkman kəlmələrini ayrı-ayrılıqda işlətsə də türkmanları türklərin qardaşı adlandırır (23, I, 151-152). İbn Xəldunun məlumatından belə anlaşılır ki, türkmanlar əsasən, köçəri həyat tərzinə üstünlük verirdilər (23, I, 181). Müəllif döyüşkən tayfalar sırasında türk və türkmanları xüsusi olaraq qeyd edir. O, h.421-ci (1030) ildə Fəzl ibn Məhəmmədin xəzərlərlə müharibəsi zamanı yenə də xəzərləri türkman adlandırır (23, IV, 676).
Yaqut Həməvi də öz əsərlərində türkmanlardan bəhs etmişdir. O, Mərv ətrafında “Türkman” adlı kənd olduğunu bildirir. Onun yazdığına görə, ərəb xəlifələrindən Hişam bin Əbd-ül-Malik (724-743) oğuzların hökmdarına elçi göndərib onu İslama dəvət etsə də o, bunu qəbul etmədi (24, II, 24). O, Muğanda türkmanlara məxsus otlaqların yerləşdiyin yazır (24, V, 225).
İbn əl-Əsr oğuzları sonralar türkman kimi təqdim etsə də quz (oğuz) türkləri ilə səlcuq türkləri arasında fərq qoyurdu (25, IX. 440). O, 547-ci (1152) il hadisələrindən bəhs edərkən Herat şəhərindəki səlcuqları “ətrak əl-səncəriyyət” (25, IX, 380), qarluqları “ətrak əl-qarğaliyyət” adlandırır (25, IX, 322). İbn Əl-Əsir qeyd edir ki, hal-hazırda (XIII əsrdə) Xorasanda olan quzlar (oğuzlar) hələ Xəlifə Mehdinin (775-785) dövründə İslam dinini qəbul etmişdi və onları vaxtı ilə qarğaliyyət türkləri Mavərənnəhrdən qovmuşdu (25, IX. 385). İbn Əl-Əsirin əsərində türkman anlayışına dəfələrlə rast gəlirik. Müəllif Azərbaycan, İraq, Mavərənnəhr, Anadolu torpaqlarında baş verən hadisələrdən bəhs edərkən onlar haqqında məlumat verir. O, türkmanlar dedikdə əsasən, oğuz türklərini nəzərdə tutur.
Əl-Cüveyninin “Cahanqoşa” əsərində də türkmanlardan bəhs olunur. O öz əsərində tərəkəmələrin monqolların birinci yürüşü (1120-1123) dövründə Mərvdə hakimiyyətindən (26, I, 131), h.553-cü (1158) ildə köçəri tərəkəmələr və 10 min qoşuna başçılıq edən İlek türkmandan (26, II, 15), Cəlaləddinə qarşı vuruşmaq üçün türk və tərəkəmələrin Hilatda toplanmasından (26, II, 178) bəhs etmişdir.
Məhəmməd bin Yəqub Əl-Firuzabadinin (1414-cü ildə vəfat etmişdir) “Lüğətində” aşağıdakı sözlərə rast gəlirik: “Türkman türk nəslindəndir. Bir ay ərzində onlardan yüz min nəfər iman gətirdiyinə görə belə adlanırlar. Onlara “türk iman” deyildi, sonra sadələşdirildi və “türkman” deyildi” (27, 1082).
Fəzlullah Rəşidəddin yazır ki, hal-hazırda Rum və Qaramanda olan türkmanlar vaxtı ilə Toğrul bəyin başçılığı ilə həmin ərazilərə gələn 20 min türkmanın nəslindən olanlardır. Toğrul bəy geri qayıdanda onlar orada qaldılar Onların başçısı qınıq tayfasından olan sultan Arslan idi (28, 46-47)
Zənnimizcə, F.Rəşidəddinin bu məlumatı bir daha sübut edir ki, Səlcuqların yürüşü dövründə Azərbaycan və ətraf ərazilərdə məskunlaşan türkmanlar elə bu adla da tanınırdılar. Yəni, onlar yerli türklərin etnik mənsubiyyətini dəyişikliyə məruz qoymamışdılar. Türk mənşəli türkmanlar elə həmin adla, onlardan əvvəl bu ərazidə yaşayan yerli əhali isə “türk” adı ilə tanınırdı. Zaman keçdikcə əvvəllər Azərbaycan torpaqlarına gəlmiş köçəri türk tayfaları kimi, türkmanlar da yerli Azərbaycan türkləri ilə qaynayıb qarışdılar və bir çox türkman tayfaları özlərinin ilk tayfa adlarını unutdular.
Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu tayfa birliyinin əsasını təşkil edən tayfalar da türkman adlanırdı. Həmin sülalələrin hakimiyyəti dövründə Şərqi Anadolu və Azərbaycan torpaqları “türkman eli” kimi tanınırdı ( 3, 112-118; 4, 10). Sonralar Ağqoyunlu türkman tayfalarının bir çoxu Səfəvilər dövlətinin ordusunda xidmət etməyə başladı. Bu zaman ordunun əsasını təşkil edən qızılbaş tayfaları da turkman adlanırdı. Bəzən bu terminlə qızılbaş termini sinonim təşkil edirdi. V.F.Minorski, türkman tayfalarından olan əmirlərin (şamlı, ustaclı, türkmən, rumlu, zülqədər, əfşar, qacar, təkəli) Səfəvilər dövründə birinci dərəcəli roluna diqqət yönəldir (9, 14). O, xüsusi olaraq qeyd edir ki, Səfəvilər Qaraqoyunlu və Ağqoyunlu türkman sülalələrinin davamçısı idi (9, 30).
XVII-XIX əsrlərdə, eləcə də XX əsrin birinci yarısında bir sıra türkman boylarının davamçıları Azərbaycan, Dağıstan, Şərqi Anadoluda xüsusilə, Türkiyənin İraq, Suriya və Cənubi Azərbaycanla həmsərhəd olan bölgələrində məskunlaşmışdılar (29, 13-18; 20, 67-68). XIV-XVI əsrlərdən etibarən Azərbaycanda tərəkəmə adı daha geniş yayılmışdı. Lakin biz bu terminə yuxarıda qeyd olunduğu kimi, hələ XI-XIII əsrlərdə yaşamış müəlliflərin əsərlərində də rast gəlirik. Tərəkəmələr bu gün də Azərbaycan torpaqlarında etnik qrup kimi yaşamaqda davam edirlər. Azərbaycan və Dağıstan ərazisində onlarla bağlı bir sıra yer adları mövcuddur.
Beləliklə, orta əsrlərdə yazılmış ərəb və farsdilli mənbələrdə “türkman” anlayışından əsasən, üç halda istifadə edilir:
1. Qədim dövrlərdən “türk” adlanan xalqla onlara qohum olan, lakin “türk” adı altında deyil, özlərinə məxsus adlarlarla xatırlanan digər türk mənşəli xalqlara münasibətdə ümumi şəkildə işlədilir.
2. Türk mənşəli olan, lakin əsasən, köçəri həyat tərzi sürən xalqlara münasibətdə işlədilir.
3. Oğuzları, xüsusilə İslamı qəbul etmiş oğuzları digər türk xalqlarından fərləndirmək üçün işlədilir.
Oğuzlara gəlincə, onlar VIII-XII əsrlərdə 3 qrupa bölünmüşdür. Onların bir hissəsi Xəzərin şərq sahillərində məskunlaşaraq müasir tükmənlərin etnik tərkibini əmələ gətirmişdir. Oğuzların ikinci böyük bir hissəsi Azərbaycana, İraq və Şərqi Anadolu torpaqlarına gəlmişdi. Onların üçüncü hissəsi isə Ural və Volqa istiqamətindən Avropaya gələrək qaqauz və Balkan türklərinin formalaşmasında yaxından iştirak etmişlər.
“Türkman” adının konkret mənasına gəldikdə isə bunu yalnız türk və fars dillərində yazmış orta əsr şairlərinin əsərlərində rast gəlinən və sonu “man” sözü ilə bitən sözlərdə, eləcə də lüğətlərdə axtarmaq lazımdır. Bu müqayisədən belə nəticəyə gəlmək olur ki, “man” insan, bəşər, cins mənasında işlənirdi. Məsələn, biz Ş.Saminin lüğətində türkman sözünün mənasının müəyyən edilməsinə yardım edən məlumata rast gəlirik. O qeyd edir ki, “man”, incə hecalarda isə “mən” adətən, “adam”, “bəşər”, “insan cinsi” mənasını verir və yalnız qocaman, çıraqman, türkman, köləmən kimi tərkiblərdə işlənir (31, 1262 ). Başqa sözlə, “türkman” sadəcə olaraq “türk mənşəli” və yaxud “türk insanı” deməkdir. Ş.Sami yazır ki, “türkman” türk mənşəli böyük xalqlardan biridir. O, türkmanların əsasən, köçəri halda yaşadıqlarını, əsasən, Azərbaycan və İraq ərazilərində məskən saldıqlarını bildirir. Ş.Sami M.Füzulinin şeirlərinin türkman ləhcəsində olduğunu da xüsusi olaraq, qeyd edir (31, 399).
Şübhəsiz, bu tədqiqatın nəticələri bitkin və mübahisəsiz hesab oluna bilməz. Bu istiqamətdə gələcəkdə aparılacaq tədqiqatlar “türkman” anlayışının yaranma tarixi və onun etimologiyası ilə bağlı yeni-yeni faktların ortaya çıxarılması ilə nəticələnə bilər.
İstİfadə olunmuş mənbələr və ədəbİyyat
1. Буниятов З.М. Государство Хорезмшахов-Ануштегинидов. Избранные сочинения в трех томах. Т. 3. Баку: Элм. 1999. 206 с.
2. Aşurbəyli S.B. Şirvanşahlar dövləti. Bakı: Avrasiya press. 2006. 416 s.
3. Mustafayev.Ş.M. Səlcuqilərdən Osmanlılara: XI-XV yüzilliklərdə Anadolunun türk mühitində etnosiyasi proseslər. Bakı: “Elm”, 2010. 332.s.
4. Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı, Çaşıoğlu, 2012. 604 s.
5. Бартольд В.В. Тюрки. Двенадцать лекций по истории турецких народов Средней Азии. Алматы, Жалын, 1993. 192 с.
6. Абу-л-Фазл Бейхаки. История Масуда (1030-1041). Вступительная статья, перевод и примечания А.К Арендса. Ташкент, 1962. 748 с.
7. Михайлов A. Туземцы Закаспийской области и их жизнь. Aşxabad. 1900. 69c.
8. Агаджанов С.Г. Государство Сельджукидов и Средняя Азия в XI – XII вв. Москва: Наука. 1991. 303 с.
9. Tadhkirat Al-Muluk. Persian text in facsimile. Translated and explained by V.Minorsky. London. 1943. 218 + 129
10. Sumer F. Oğuzlar (Turkmenlər). Tarihleri, Boy teşkilatı, Destanları. İlavelerlə 3. baskı. Ana yaınları. İstanbul: Milli Egitim basım evi. 1980. 701 s.
11. Kırzıoğlu M.F. Yukarı – Kür ve Çoruk Boylarında Kıpçaklar. Ankara. 1992. TTKY.VII. Dizi. – Sayı.121. (278 səh-4 xəritə).
12. Əl-Müqəddəsi. Əhsən ət-təqasim fi mərifət əl-əqalim. Əl-Qahirə, 1411. 518 s.
13. Əl-Biruni. Əl-Cəmahir fi mərifət əl-cəvahir. hhtp://www. Islamicbook. ws/amma/aljmahr-fi-marft-aljwahr.pdf
14. Əl-Hüseyni. Əxbar əd-daulət əs-Səlcuqiyyə. Lahor. 1933.
15. Kaşğari M. Divanü Luğat-it-Türk tercümesi, c.I-II. Çeviren Besim Atalay. İstanbul 1941.
16. Əbu-l-Fəzl Beyhəqi. Tarix. Məşhəd 1383. 815 s.
17. Əbu Səid Əl-Cərdizi. Zeyn əl-əxbar. Tərcumət Əffaf Əs-Seyid Zidan. Əl- Qahirə. 206. 544 s.
18. Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974, 220 s.
19. İbn Kəsir. Əl-Bidayə və-n-nihayə. Beyrut, Beyt-ul-əfkar-ud-düvəliyyə. 2004. 2460 s.
20. Əbu-l-Fida. Taqvim əl-Buldan. Beyrut. Daru-s-sadir. 602 s
21. Əl-İdrisi. Nüzhat əl-müştaq fi ixtiraq əl-afaq. Əl-Qahirə. 1422.
22. İbn Xallikan. Vufiyat əl-əyan. I-VIII. Beyrut. Daru-s-sadir. 1968-1993.
23. İbn Xəldun. Tarix İbn Xəldun. I-VIII. Beyrut. Daru-l-fikr. 1421.
24. Yaqut əl-Həməvi. Mucəm əl-buldan. I-V.Beyrut. Daru-us- sadir. 1988.
25. İbn əl-Əsir Əl-Kamil fi-t-tarix. I-XII.Beyrut. Daru-l-ktub. 1407.
26. Əla ud-Din Əta məlik əl-Cüveyni. Tarixu Cahankuşa. I-III. London 1937.
27. Məhəmməd bin Yəqub Firuz Abadi. Qamus-ul-Mühit. Beyrut. Ər-Risalah.1326/2005. 1498 s.
28. Фазлаллах Рашид ад-Дин. Огуз-Наме. Перевод с персидского, предисловие, комментарии, примечания и указатели Р.М.Шукюровой. Баку: Элм, 1987. 128 с.
29. Türkmən əşirətləri. İstanbul. 1334. 543 s.
30. Saray.M. Quzey və Güney Azərbaycan türklərinin tarixi. Bakı: Şərq-Qərb, 2010. 724 s.
31. Sami Ş. Qamus turki. Iki ciltdə. İstanbul: İqdam. 1317. 1575 s.
2. Aşurbəyli S.B. Şirvanşahlar dövləti. Bakı: Avrasiya press. 2006. 416 s.
3. Mustafayev.Ş.M. Səlcuqilərdən Osmanlılara: XI-XV yüzilliklərdə Anadolunun türk mühitində etnosiyasi proseslər. Bakı: “Elm”, 2010. 332.s.
4. Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı, Çaşıoğlu, 2012. 604 s.
5. Бартольд В.В. Тюрки. Двенадцать лекций по истории турецких народов Средней Азии. Алматы, Жалын, 1993. 192 с.
6. Абу-л-Фазл Бейхаки. История Масуда (1030-1041). Вступительная статья, перевод и примечания А.К Арендса. Ташкент, 1962. 748 с.
7. Михайлов A. Туземцы Закаспийской области и их жизнь. Aşxabad. 1900. 69c.
8. Агаджанов С.Г. Государство Сельджукидов и Средняя Азия в XI – XII вв. Москва: Наука. 1991. 303 с.
9. Tadhkirat Al-Muluk. Persian text in facsimile. Translated and explained by V.Minorsky. London. 1943. 218 + 129
10. Sumer F. Oğuzlar (Turkmenlər). Tarihleri, Boy teşkilatı, Destanları. İlavelerlə 3. baskı. Ana yaınları. İstanbul: Milli Egitim basım evi. 1980. 701 s.
11. Kırzıoğlu M.F. Yukarı – Kür ve Çoruk Boylarında Kıpçaklar. Ankara. 1992. TTKY.VII. Dizi. – Sayı.121. (278 səh-4 xəritə).
12. Əl-Müqəddəsi. Əhsən ət-təqasim fi mərifət əl-əqalim. Əl-Qahirə, 1411. 518 s.
13. Əl-Biruni. Əl-Cəmahir fi mərifət əl-cəvahir. hhtp://www. Islamicbook. ws/amma/aljmahr-fi-marft-aljwahr.pdf
14. Əl-Hüseyni. Əxbar əd-daulət əs-Səlcuqiyyə. Lahor. 1933.
15. Kaşğari M. Divanü Luğat-it-Türk tercümesi, c.I-II. Çeviren Besim Atalay. İstanbul 1941.
16. Əbu-l-Fəzl Beyhəqi. Tarix. Məşhəd 1383. 815 s.
17. Əbu Səid Əl-Cərdizi. Zeyn əl-əxbar. Tərcumət Əffaf Əs-Seyid Zidan. Əl- Qahirə. 206. 544 s.
18. Vəlixanlı N. M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974, 220 s.
19. İbn Kəsir. Əl-Bidayə və-n-nihayə. Beyrut, Beyt-ul-əfkar-ud-düvəliyyə. 2004. 2460 s.
20. Əbu-l-Fida. Taqvim əl-Buldan. Beyrut. Daru-s-sadir. 602 s
21. Əl-İdrisi. Nüzhat əl-müştaq fi ixtiraq əl-afaq. Əl-Qahirə. 1422.
22. İbn Xallikan. Vufiyat əl-əyan. I-VIII. Beyrut. Daru-s-sadir. 1968-1993.
23. İbn Xəldun. Tarix İbn Xəldun. I-VIII. Beyrut. Daru-l-fikr. 1421.
24. Yaqut əl-Həməvi. Mucəm əl-buldan. I-V.Beyrut. Daru-us- sadir. 1988.
25. İbn əl-Əsir Əl-Kamil fi-t-tarix. I-XII.Beyrut. Daru-l-ktub. 1407.
26. Əla ud-Din Əta məlik əl-Cüveyni. Tarixu Cahankuşa. I-III. London 1937.
27. Məhəmməd bin Yəqub Firuz Abadi. Qamus-ul-Mühit. Beyrut. Ər-Risalah.1326/2005. 1498 s.
28. Фазлаллах Рашид ад-Дин. Огуз-Наме. Перевод с персидского, предисловие, комментарии, примечания и указатели Р.М.Шукюровой. Баку: Элм, 1987. 128 с.
29. Türkmən əşirətləri. İstanbul. 1334. 543 s.
30. Saray.M. Quzey və Güney Azərbaycan türklərinin tarixi. Bakı: Şərq-Qərb, 2010. 724 s.
31. Sami Ş. Qamus turki. Iki ciltdə. İstanbul: İqdam. 1317. 1575 s.
Geostrategiya” jurnalı № 03 (27) MAY-İYUN 2015
Hiç yorum yok:
Yorum Gönder